İDMAN


Beynəlxalq Kanoe Federasiyasının prezidenti vəzifəsinə seçkilər Bakıda keçiriləcək

A+ A

Bakı, 23 noyabr, AZƏRTAC 

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (ICF) XXXVI konqresi işə başlayacaq.

Azərbaycan Mili Avarçəkmə Federasiyasından AZƏRTAC-a bildiriblər ki, “Boulevard Hotel Baku”da təşkil olunacaq tədbirə 89 ölkədən 200-dən çox nümayəndə qatılacaq. Daha 29 ölkə isə səsvermə hüququnu konqres iştirakçılarına həvalə edib. Beləliklə, ICF-nin növbəti illər üçün taleyini quruma üzv olan 159 ölkədən 118-nin səsi həll edəcək.

Proqrama əsasən, tədbirin ilk günündə növbədənkənar konqresdə ICF-nin strukturu müzakirə ediləcək. Burada qurumun yeni strukturu və rəhbər orqanları üzrə müzakirələrdən sonra səsvermə keçiriləcək. Habelə Nizamnamədə yeni idarəetmə strukturunun fəaliyyəti üçün lazımi dəyişikliklərlə bağlı müzakirə və səsvermə olacaq.

Konqresin proqramına əsasən, ICF prezidenti, vitse-prezidentləri, kanoe-sprint, kanoe-slalom, kanoe-marafon və digər növlər üzrə sədrlərin, ayrı-ayrı qitələr üzrə nümayəndələrin seçkisi keçiriləcək. Bundan başqa, ICF-nin 2016-2020-ci illər üçün İnkişaf Proqramının həyata keçirilməsi üzrə hesabat dinləniləcək. Həmçinin həmin dövr üçün qarşıya qoyulmuş hədəflər, Direktorlar Şurası, İcraiyyə Komitəsi və milli federasiyaların təklifləri müzakirə olunacaq. Bundan başqa, qarşıdakı iki il üçün ICF-nin iş proqramı, büdcəsi təsdiq ediləcək, növbəti konqresin tarixi və yeri müəyyənləşdiriləcək.

ICF konqresində Azərbaycan Milli Avarçəkmə Federasiyasını qurumun prezidenti Elçin Zeynalov, icraçı direktor Rövşən Kərimov və texniki direktor Leyla Əliyeva təmsil edəcəklər. Konqresin açılışı noyabrın 25-də keçiriləcək.

Tədbirə noyabrın 26-da yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.