ELM VƏ TƏHSİL
Beynəlxalq Mahmud Kaşqari mükafatı növbəti dəfə təqdim edilib
Bakı, 18 may, P.İmanova, AZƏRTAC
Mayın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) M.Füzuli adına Əlyazmalar İnstitutunda Mahmud Kaşqari Beynəlxalq Fondunun mükafatının təqdimetmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə institutun direktoru, akademik Teymur Kərimli ölkəmizdə Mahmud Kaşqari adına beynəlxalq fondun fəaliyyət göstərdiyini söyləyib. Qeyd edilib ki, hər il fond tərəfindən bu sahədə məşğul olan alimlərə mükafatlar verilir.
Sonra Mahmud Kaşqari Beynəlxalq Fondunun prezidenti Elxan Zal Qaraxanlı rəhbərlik etdiyi təşkilatın məqsəd və fəaliyyəti barədə məlumat verib, bu qurumun 2006-cı ildə Xalq Yazıçısı Anar və mərhum ədəbiyyatşünas alim Arif Əmrahoğlu tərəfindən yaradıldığını bildirib. O, fondun türk xalqları arasında körpü rolunu oynadığını və əsas məqsədinin ümumtürk düşüncəsinin və mədəniyyətinin inkişafına töhfə vermək olduğunu qeyd edib. Bildirilib ki, Beynəlxalq Mahmud Kaşqari mükafatı türk coğrafiyasında fikir, sənət və ədəbiyyat sahəsində fəaliyyət göstərən qurum və şəxslərə verilir.
Fondun münsiflər heyətinin üzvü, yazıçı-dramaturq Elçin Hüseynbəyli ümumtürk mədəniyyətinin və düşüncəsinin inkişafında göstərdikləri xidmətlərə görə Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin və Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun Beynəlxalq Mahmud Kaşqari mükafatına layiq görüldüklərini bildirib.
Sonra akademiklər Teymur Kərimliyə və Muxtar İmanova Beynəlxalq Mahmud Kaşqari mükafatı təqdim olunub.
Akademik M.İmanov Mahmud Kaşqari adına beynəlxalq fondun fəaliyyətindən söz açıb, bu qurum tərəfindən mühüm işlərin görüldüyünü bildirib. Vurğulanıb ki, fond təkcə ölkəmizdə deyil, türk dünyasında da mədəni əlaqələrin inkişafına mühüm töhfələr verir.