İQTİSADİYYAT
Beynəlxalq Maliyyə Korporasiyası “Turanbank”a 7 milyon dollar vəsait ayıracaq
Bakı, 25 oktyabr, AZƏRTAC
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) “Turanbank” ASC-yə mikro, kiçik və orta sahibkarlığın kreditləşdirilməsi proqramının genişləndirilməsi məqsədilə 7 milyon dollar vəsait ayıracaq.
IFC-nin Direktorlar Şurası noyabrın 21-də Azərbaycan bankına kredit vəsaitlərinin verilməsi məsələsinə baxmağı planlaşdırır.
Kredit Azərbaycanın qeyri-neft sektorunun dəstəklənməsi, bankın şaxələndirilməsi üzrə səylərinin və fond bazasının artırılması, məhdud maliyyələşdirmə imkanları dövründə aktivlərin və passivlərin idarə edilməsinin yaxşılaşdırılması, eləcə də bankın mikromaliyyə portfelinin genişləndirilməsi məqsədilə verilir.
Bu il “Turanbank” mikromaliyyələşdirməni genişləndirmək üçün 13,5 milyon dollar xarici kredit cəlb edib.