SİYASƏT
Beynəlxalq Mətbuat İnstitutunun Myanmadakı Baş Assambleyasında Azərbaycan təmsil olunub
Bakı, 28 mart, AZƏRTAC
Martın 27-də Myanmada Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Baş Assambleyası işə başlayıb.
Baş Assambleyada Azərbaycanı Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri, BMİ-nin idarə heyətinin üzvü Umud Mirzəyev təmsil edib.
Əvvəlcə BMİ-nin idarə heyətinin görüşü keçirilib. Görüşdə qurumun ötənilki fəaliyyəti və növbəti il üçün strateji planı müzakirə olunub. BMİ-nun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən xanım Barbara Trionfi idarə heyəti tərəfindən qurumun icraçı direktoru vəzifəsinə seçilib. Bundan başqa, idarə heyəti strateji tərəfdaşlarla əməkdaşlıq məsələlərini də müzakirə edib.
U.Mirzəyev Baş Assambleya çərçivəsində BMT-nin fikir və ifadə azadlığı hüququnun təşviqi və qorunması üzrə xüsusi məruzəçi Deyvid Key ilə görüşüb. Görüşdə BMT-nin İqtisadi və Sosial Şurasının ən yüksək məşvərətçi statuslu üzvü kimi BAMF-ın BMT-nin digər qurumları ilə münasibətləri geniş müzakirə olunub.
D.Key Azərbaycana səfər etmək barədə BAMF sədrinin dəvətini qəbul edib.
U.Mirzəyev Myanmanın informasiya texnologiyaları naziri Ye Htut və Myanma Mətbuat Şurasının sədri UKhin Maung Aye ilə də görüşlər keçirib.
Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) BMİ-nin tərəfdaşlarındandır.