ELM VƏ TƏHSİL
Beynəlxalq Miqrasiya Təşkilatının eksperti Azərbaycan Dövlət İqtisad Universitetində olub
Bakı, 5 sentyabr, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatının nüfuzlu eksperti Eivind Hoffmann Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) bu ali məktəbin bir sıra əməkdaşları ilə Azərbaycanda əmək bazarı informasiya sistemi sahəsində mövcud vəziyyət, bu istiqamətdə həyata keçirilən islahatlar barədə fikir mübadiləsi aparıb.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, müzakirələrdə universitetin əmək iqtisadiyyatı kafedrasının müdiri, professor Tofiq Quliyev, sənaye və iqtisadiyyat fakültəsinin dekanı Asiman Quliyev, elm və innovasiya mərkəzinin sosioloji tədqiqatlar və konsaltinq şöbəsinin müdiri Murad Bağırzadə və digər alimlər tövsiyələrlə çıxış ediblər.
Beynəlxalq Miqrasiya Təşkilatı BMT və Avropa İttifaqının dəstəyi ilə 2014-cü ildən etibarən Azərbaycanda Əmək Bazarının Elektronlaşdırılması layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində Azərbaycanda əmək bazarı informasiya sisteminin gücləndirilməsi prosesinə dəstək verilməsi əsas məqsədlərdən biridir.