MƏDƏNİYYƏT
Beynəlxalq Muğam Mərkəzində “Səs dalğaları”
Bakı, 26 may, Flora Şükürova, AZƏRTAC
Mayın 26-da Beynəlxalq Muğam Mərkəzində “Səs dalğaları” Bakı etno-musiqi festivalı çərçivəsində Azərbaycan-İspaniya etnik musiqi konserti təşkil olunub. AZƏRTAC xəbər verir ki, konsert proqramında ispan və azərbaycanlı musiqiçilər iştirak ediblər. Tədbirdə İspaniya səfirliyinin müvəqqəti işlər vəkili Jose Luis Diez Azərbaycan ilə İspaniya arasında mədəni əlaqələrin hazırkı vəziyyəti, perspektivləri, əməkdaşlıq məsələləri barədə danışıb. İki ölkə arasında mədəni əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayan diplomat belə tədbirlərin bundan sonra da davam edəcəyinə əminliyini bildirib. Konsertdə ənənəvi xalq musiqisi nömrələri səsləndirilib.
Proqramda İspaniyadan olan məşhur musiqiçilər Antonio Lizana (saksafon), Markos Salsines (piano), Epi Paçeko (zərb alətləri), Azərbaycanın tanınmış sənət ustaları Sərxan Bünyadzadə (xanəndə), Bəhruz Zeynalov (tar), Rafael Əliyev (kamança), Nizami Əliyev (piano), Soltan Əliyev (nağara) çıxış ediblər. Konsert proqramı maraqla qarşılanıb.
Layihə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, İspaniyanın Azərbaycandakı səfirliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.