MƏDƏNİYYƏT
Beynəlxalq Muğam Mərkəzində Seyid Əzim Şirvaniyə həsr olunmuş gecə
Bakı, 15 aprel, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində XIX əsrin Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvaniyə həsr olunan musiqili-ədəbi gecə keçirilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə birgə layihəsi əsasında keçirilən gecədə ali təhsil ocağının müəllim və tələbə heyəti iştirak edib.
Xalq Artisti Simarə İmanova, Əməkdar Artist Teyyub Aslanov, ADMİU-nun tələbələri Günay Mehdiyeva, Məftun Səfərli və Xalid İmanov dahi şairin qəzəllərini ifa ediblər. Gecədə Əməkdar Artist Azad Şükürov, ADMİU-nun tələbələri Mirxədicə Mirzəyeva, Ağaəli Kərimzadə, Aygül Rəcəbli, Novruz Şahverdiyev, Əzizə Həşimova, Əbülfəz İsgəndərov və Sona Novruzova şairin şeirlərini oxuyublar.
Qeyd edək ki, ötən il bu layihə çərçivəsində Beynəlxalq Muğam Mərkəzində iki konsert keçirilib. Sayca üçüncü olan bu konsert də tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Layihə çərçivəsində növbəti gecə aprelin 28-də olacaq. Həmin tədbirdə şair və yazıçı Mikayıl Müşfiq yad ediləcək.