CƏMİYYƏT
Beynəlxalq Muğam Mərkəzində Ümummilli Liderin xatirəsi anılıb
Bakı, 3 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar paytaxtın Nəsimi rayonunda silsilə tədbirlər keçirilir, idarə, müəssisə və təşkilatlarda, elm, təhsil və səhiyyə müəssisələrindəki tədbirlərdə Ulu öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilir. Belə tədbirlərdən biri mayın 3-də Nəsimi rayon rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatlarının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin, kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə Beynəlxalq Muğam Mərkəzində keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ümummilli lider Heydər Əliyevin vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb. Bildirib ki, Ümummilli Lideri mənsub olduğu xalqa bəxş edən günün özü də ümummilli önəm daşıyır. Milli dövlətçiliyin inkişafını və qüdrətlənməsini təmin edən tarixi şəxsiyyətin həyatı və fəaliyyəti bu tarixin özü ilə eyniləşir, həmin dövrün başlıca mahiyyətini təşkil edir. Heydər Əliyev çağdaş Azərbaycanın tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb. O, xalqının taleyində dönüş yaradaraq ölkəsini tənəzzüldən tərəqqiyə qovuşdurub. Zamanın bu dahi şəxsiyyətə bəxş etdiyi nadir keyfiyyətlər sayəsində o, uzaqgörən dövlət başçısı kimi tarixi hadisələrin gedişini irəlicədən müəyyən edə bilib, Azərbaycanın dünəni, bu günü və sabahı üçün olduqca böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən zaman ən düzgün mövqe tutub, zəruri qətiyyətlə hərəkət edib. Belə dərin zəka, dönməz iradə və tükənməz enerji bəyanat və çıxışlarında, qəbul etdiyi qərarlarda, mürəkkəb vəziyyətlərdə atdığı addımlarda həmişə ona uğur və nüfuz gətirib.
Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olub. Prezident İlham Əliyev çox qısa müddətdə Azərbaycanın inkişafına, beynəlxalq nüfuzunun yüksəlməsinə nail olmaqla ölkəmizin ən yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifidir. Dövlət başçısının rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.
Tədbir zamanı Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən slayd-şou göstərilib.
Daha sonra tədbir konsert proqramı ilə davam edib.