MƏDƏNİYYƏT
Beynəlxalq Muğam Mərkəzində "Klassik musiqi inciləri" adlı konsert olub
Bakı, 8 aprel, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində "Klassik musiqi inciləri" adlı konsert olub.
Konsertdə Azərbaycanın Əməkdar Artisti Anton Ferştandt (bas-bariton), Odessa Konservatoriyasının məzunu, beynəlxalq müsabiqələr laureatı Mehriban Süleymanova (fortepiano), Əməkdar Artist İlham Nəzərov (kontr-tenor), beynəlxalq müsabiqələr laureatı Murad İbrahimov (violonçel), E.Qriq Akademiyasının (Norveç) məzunları Səid Məmmədov (skripka) və Üzeyir Mahmudbəyli (alt) çıxış ediblər.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, konsert Q.Malerin "Fortepiano kvarteti lya minor" əsəri ilə açılıb. Sonra musiqiçilər həm duet, həm də solo ifa ediblər. Konsertdə J.Bize, J.Massne, F.Kreysler, K.Debüssi, A.Draqomıjski, R.Şuman, Ş.Quno, Q.Fore, İ.Ştraus, Q.Qarayev, C.Hacıyev və başqalarının əsərləri səsləndirilib.
Konsert proqramı alqışlarla qarşılanıb.
Anton Ferştandtın sözlərin görə, konsertin proqramı fərqli tərtib edilib. Musiqiçilər aparıcı elan etmədən səhnəyə çıxıb, bir əsərdən digər əsərə sərbəst keçiblər.