CƏMİYYƏT
Beynəlxalq Muğam Mərkəzinin səhnəsində autizmli uşaqlar öz məharətlərini göstərəcəklər
Bakı, 26 aprel, AZƏRTAC
Aprelin 30-da “Birgə və Sağlam” İctimai Birliyi, “Natiq” Ritm Qrupu, Paşa Bank, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatları Mərkəzi (İSİM) və “Lider Qadınlar” İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində autizm sindromlu uşaqların iştirakı ilə xor və ritm konserti keçiriləcək. “Autizm – Fərqli və Bizdən Biri” adlanan konsertdə Azərbaycanda ilk dəfədir ki, səhnəyə autizmli uşaqların xor və ritm qrupu çıxacaq. Hər zaman böyük qayğıya ehtiyacı olan bu uşaqları səhnəyə Əməkdar Artist Natiq Şirinov hazırlayıb.
İSİM-dən AZƏRTAC-a bildirilib ki, konserti “Birgə və Sağlam” İctimai Birliyinin reabilitasiya mərkəzinin uşaqları nümayiş etdirəcək. Eyni zamanda tədbirdə Türkiyənin İzmir şəhərinin “İzmir Otizm Orkestrası”nın autizm sindromundan əziyyət çəkən uşaqları da çıxış edəcək.
Paşa Bankın dəstəyi ilə baş tutan tədbir həm də maarifləndirici xarakter daşıyır.
Xatırladaq ki, aprel ayi Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2007-ci ildən etibarən “Ümumdünya Autizm Maarifləndirilmə Ayı” elan edilib.