MƏDƏNİYYƏT
Beynəlxalq Muzeylər Günü İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən qeyd olunub
Bakı, 19 may, AZƏRTAC
Beynəlxalq Muzeylər Günü İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan müəssisələrində də geniş qeyd olunub, “Açıq qapı” aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, İsmayıllı rayonunda yerləşən Heydər Əliyev Mərkəzində də əlamətdar gün münasibətilə “Açıq qapı” təşkil olunub.
Gün ərzində muzeyi ziyarət edən İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecinin tələbələri, məktəb şagirdləri, rayon sakinləri Mərkəzi ekspozisiya zalı, eyni zamanda, təşkil olunmuş sərgilərlə tanış olublar. Həmçinin ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmlər nümayiş olunub.
Qəbələ rayon Tarix-Diyarşünaslıq muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə “dəyirmi masa” təşkil edilib. Tədbirdə muzeylərin xalqımızın tarixinin qorunması, təbliği və tədqiqi sahəsində böyük rolundan danışılıb.
Daha sonra açıq səma altında daimi sərgilənən daş abidələrə baxış keçirilib.
Şamaxı rayon Heydər Əliyev Mərkəzi, Şamaxı rayon Tarix-Diyarşünaslıq muzeyi və Mirzə Ələkbər Sabirin ev-muzeyində də silsilə tədbirlər keçirilib.
“Açıq qapı” gününə rayon məktəblərinin şagird və müəllimləri, tələbələr qatılıb.
Qobustan rayonu Rəşid Behbudov adına Uşaq İncəsənət məktəbinin bir qrup müəllim və şagirdlərinin iştirakı ilə Şamaxı rayon Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil edilib.
Ekskursiya böyüməkdə olan gənc nəslə ölkəmizin tarixi və mədəniyyətinə sevgi aşılamaq məqsədi daşıyıb.
Ağsu rayon Tarix-Diyarşünaslıq muzeyində də “Açıq qapı” günü təşkil olunub. “Açıq qapı” günündən rayon məktəblərinin şagird və müəllimləri ilə yanaşı, sakinlərdə yararlanıblar.