DÜNYA
Beynəlxalq Olimpiya Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarına daxil edilən yeni idman növlərini alqışlayıb
Tokio, 13 oktyabr, AZƏRTAC
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yüksəkrütbəli nümayəndəsi Tokio-2020 Yay Olimpiya Oyunları üzrə təşkilat komitəsinin təklif etdiyi yeni idman növlərini bəyəndiyini bildirib.
Oktyabrın 13-də Tokio Olimpiadasının təşkilat komitəsinin üzvləri ilə görüşən BOK-un əlaqələndirmə komissiyasının sədri Con Koats idmanın beş növü üzrə əlavə 18 yarış barədə danışıb. Həmin idman növlərinə beysbol və softbol, karate, qayaya dırmanma, serfinq və skeytbordinq daxildir.
C.Koats qeyd edib ki, bu idman növləri gənclər arasında çox populyardır və diqqəti Oyunların islahatlarına yönəltməyə kömək edə bilər. O, bu təkliflərin bütün dünyada, o cümlədən Yaponiyada dəstəklənməsindən çox şad olduğunu bildirib.
Tokio Olimpiadası təşkilat komitəsinin sədri Yoşiro Mori qeyd edib ki, Yaponiya və BOK arasında hər bir tərəfin istəyinin müzakirəsi yeni yolların açılmasına imkan yaradır. Onun sözlərinə görə, həmin idman növləri Yaponiya daxilində aparılmış sorğu əsasında seçilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio