MƏDƏNİYYƏT
Beynəlxalq Oxu Günü qeyd edilib
Bakı, 15 aprel, AZƏRTAC
Bakının Suraxanı rayonundakı 226 nömrəli tam orta məktəbdə 25 aprel - Beynəlxalq Oxu Günü ilə bağlı kitab bayramı keçirilib.
AZƏRTAC xəbər verir ki, məktəbin foyesində Azərbaycan və dünya klassiklərinin kitablarından ibarət sərgi nümayiş etdirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib.
Məktəbin direktoru Qardaşxan Səlimov ölkəmizdə kitaba marağın artırılması üçün görülən tədbirlərdən söhbət açıb. Dövlət qurumlarının dəstəyi ilə kitabxana resurslarının artırılmasından danışıb. Kitablara, bədii əsərə marağın artırılması üçün yazıçı və şairlərlə tez-tez görüşlər keçirməyin vacib olduğunu bildirib.
Kitab bayramı çərçivəsində yazıçı-publisist, Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvü Təranə Cəbiyeva ilə görüş olub. Kiçik yaşlı məktəblilər yazıçı-publisistin bayrağa, Vətənə, Milli Qəhrəmanlara həsr etdiyi şeirləri söyləyiblər.
Sonda T.Cəbiyeva tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, balaca fidanlara kitabları sevməyi, çoxlu əsərlər oxumağı, mütaliə etməyi tövsiyə edib, şagirdlərin suallarını cavablandırıb, yeni yazdığı şeirləri oxuyub.
Kitab bayramı şagirdlərin ifasında milli rəqslərimizin sədaları altında sona çatıb.