CƏMİYYƏT
Beynəlxalq Prokurorlar Assosiasiyası ilə səmərəli əməkdaşlıq edilir
Bakı, 28 aprel, AZƏRTAC
Respublikamız nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən 100-dən çox dövləti birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə səmərəli əməkdaşlıq edərək təşkilatın rəhbər orqanlarında - İcraiyyə Komitəsində və Senatında təmsil olunur.
Aprelin 28-də ədliyyə naziri, Assosiasiyanın senatoru və fəxri üzvü Fikrət Məmmədov ölkəmizdə səfərdə olan BPA-nın icraçı direktoru xanım Yanne Holst Hübnerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizin Assosiasiya ilə sıx əməkdaşlığını vurğulayan Fikrət Məmmədov fəaliyyətinin 20 illiyi qeyd olunan BPA-nın ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində və cinayətkarlıqla mübarizə üzrə dünya prokurorlarının səylərinin birləşdirilməsində mühüm rolunu vurğulayıb. Ədliyyə naziri Assosiasiyanın Azərbaycana marağının artmasının təzahürü kimi, qurumun bütün rəhbər şəxslərinin respublikamıza səfərlərini qeyd edib.
Nazir, həmçinin dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və prokurorluq orqanlarının, məhkəmə sisteminin təkmilləşdirilməsi, infrastrukturun müasirləşdirilməsi, habelə korrupsiyanın qarşısının alınması üzrə aparılan genişmiqyaslı tədbirlər barədə məlumat verib.
Qonaqlar ölkəmizə səfərindən məmnunluğunu ifadə edərək respublikamızın dinamik inkişafını təqdir edib, Azərbaycanın BPA ilə uğurlu əməkdaşlığını, uzun illər Assosiasiyanın işinə verdiyi dəyərli töhfələri, təşəbbüskarlığını və dəstəyini diqqətə çatdırıb, fəal təmsilçiliyini vurğulayıblar. Nümayəndə heyəti korrupsiyaya qarşı mübarizənin dövlətimizin əsas prioritetlərindən olduğu nəzərə alınaraq ölkəmiz tərəfindən təşkilatın dünya prokurorları üçün korrupsiyaya qarşı xüsusi internet şəbəkəsinin yaradılmasına görə minnətdarlığını bildirib.
Görüşdə ikitərəfli əlaqələrin daha da inkişafına əminlik ifadə olunub, maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.
Tədbirdə Assosiasiyanın İcraiyyə Komitəsinin Azərbaycandan olan üzvü, baş prokurorun müavini, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev iştirak edib.
Sonra qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.