SİYASƏT
Beynəlxalq Sosial İşçilər Federasiyasının baş katibi Azərbaycan Universitetində olmuşdur
Bakı, 9 may (AZƏRTAC). Beynəlxalq Sosial İşçilər Federasiyasının (BSİF) baş katibi Rori Truel Azərbaycan Universitetində (AU) sosial iş ixtisası üzrə təhsil alan tələbələrlə görüşmüşdür.
AU-dan AZƏRTAC-a bildirmişlər ki, universitetin müəllim-tələbə heyətinin iştirak etdiyi görüşdə Rori Truel təmsil etdiyi federasiya haqqında ətraflı məlumat vermişdir.
Bildirmişdir ki, Beynəlxalq Sosial İşçilər Federasiyası dünyanın hər yerindən olan sosial işçiləri birləşdirən qlobal təşkilatdır və 1928-ci ildə sosial iş üzrə beynəlxalq konfransda yaradılmışdır. Dünyanın 90 ölkəsi, peşəkar sosial iş qurumları vasitəsilə federasiyanın üzvüdür. Fərdi şəkildə bir milyon peşəkar sosial işçi üzvü vardır. Təşkilatın missiyası sosial inkişaf və sosial işin təbliği, habelə bu sahədə ən yaxşı təcrübə modelləri üzrə beynəlxalq əməkdaşlıq yaratmaqdır.
Rori Truel vurğulamışdır ki, Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası (ECOSOC) və BMT-nin Uşaq Fondu (UNİCEF) BSİF-ə məsləhətçi statusu verərək onun rəy və tövsiyələrindən bəhrələnirlər. BSİF Dünya Səhiyyə Təşkilatı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və BMT-nin İnsan Hüquqları Şurası ilə yaxından əməkdaşlıq edir.
Sonra qonaq tələbələrin suallarını cavablandırmışdır.