MƏDƏNİYYƏT
Beynəlxalq Tbilisi kino festivalında iki Azərbaycan filmi nümayiş etdirilmişdir
Tbilisi, 7 dekabr (AZƏRTAC). 14-cü Beynəlxalq Tbilisi kino festivalında Azərbaycanın gənc rejissorları Elvin Adıgözəl və Rüfət Həsənovun “Biqələmun” tammetrajlı filmi (Beynəlxalq müsabiqə kateqoriyasında) və Ayaz Salayevin “Ağ-qara gecələr” filmi (“Sərhədsiz film” kateqorİyasında) nümayiş etdirilmişdir.
Əməkdar İncəsənət Xadimi, kinorejissor Ayaz Salayev AZƏRTAC-ın müxbirinə müsahibəsində demişdir ki, Azərbaycanda kinonun yenilənməsinə böyük qayğı və diqqət nəticəsində bu sahə uğurlu inkişaf yoluna qədəm qoymuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişlərinə ciddi əməl edən Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi tədbirlər sayəsində Azərbaycan kinosuna yeni, səriştəli nəslin gəldiyini vurğulayan rejissor demişdir ki, əksər festivallarda yeni filmlərimiz nümayiş olunur və layiqli qiymətini də alır.
A.Salayev 14-cü Beynəlxalq Tbilisi festivalında Azərbaycanın iki filmlə təmsil olunmasını bu sahədə yaxın keçmişdə başlanmış dirçəlişin uğurlu başlanğıcı saymışdır.
Rejissor “Ağ-qara gecələr” filminin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gəldiyini vurğulamışdır.
“Biqələmun” filminin rejissoru Elvin Adıgözəl bu ekran əsərinin İsveçrə və Tbilisi Beynəlxalq festivallarında nümayiş olunduğunu, hər iki halda tamaşaçılar tərəfindən yaxşı qarşılandığını qeyd etmişdir.
Gənc rejissor yaradıcı heyət üçün filmin müsabiqənin mükafatına layiq görülüb-görülməyəcəyinin deyil, ona yüksək tamaşaçı marağının və xarici ölkələrdə Vətənimizin kino sənətinin layiqincə təmsil edilməsinin önəmli olduğunu demişdir.
Filmin mövzusunun da yeni olduğuna diqqəti çəkən E.Adıgözəl tamaşaçıların onu tam dərk etmələri üçün ekran əsərinin yaradıcılarının gərgin əmək sərf etdiklərini vurğulamışdır.
Rejissor “Biqələmun”un növbəti festivallarda da nümayiş etdiriləcəyinə əmin olduğunu bildirmişdir.
Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin əməkdaşı Qurban Abbaslı bu festivalda ölkəmizin iki filmlə təmsil olunmasını müsbət hal saymış və gürcüstanlı tamaşaçıların hər iki filmi rəğbətlə qarşılamalarından məmnun olduğunu qeyd etmişdir.
Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyasının rəhbəri Tamar Lamparadze yaradıcılığı və kino sahəsində fərdiliyi ilə seçilən Ayaz Salayev kimi rejissorun təkcə bu filminə deyil, başqa filminə də baxdığını söyləmiş və həmin filmlərin olduqca maraqlı mövzuları əks etdirməsi baxımından cəlbediciliyini vurğulamışdır.
T.Lamparadze Tbilisi festivalında nümayiş etdirilmiş hər iki Azərbaycan filmini yüksək qiymətləndirmiş və gürcü tamaşaçıların bu filmlərlə tanış olmalarına imkan yaradanlara təşəkkürünü bildirmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi