İQTİSADİYYAT
Beynəlxalq Təhlükəsiz İnternet Günü və Fərdi Məlumatların Mühafizəsi Günü münasibətilə treninq keçirilib
Bakı, 10 fevral, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilati dəstəyi ilə Beynəlxalq Təhlükəsiz İnternet Günü və Fərdi Məlumatların Mühafizəsi Günü münasibətlə treninq keçirib.
RYTN-dən AZƏRTAC-a bildirilib ki, nazirliyin Elektron Hökumət Təlim-Tədris Mərkəzində təşkil olunan treninq “Yaxşı internet üçün öz töhfəni ver” şüarı altında reallaşıb. Tədbir uşaq və yeniyetmələr üçün təhlükəsiz internet mühiti və fərdi məlumatların mühafizəsi mövzusuna həsr olunub.
Treninqin məqsədi RYTN tərəfindən informasiya təhlükəsizliyi sahəsində maarifləndirməni genişləndirmək, gənclər və uşaqlar arasında internetdən təhlükəsiz istifadəni təbliğ etmək və fərdi xarakterli məlumatların mühafizəsinin vacibliyini aşılamaqdır.
Tədbirə Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Bərdə və Qəbələ şəhərlərində fəaliyyət göstərən Elektron Hökumət Təlim-Tədris Mərkəzləri də onlayn rejimdə videokonfrans vasitəsilə qoşulublar.
Tədbirdə RYTN-in Elektron Təhlükəsizlik Mərkəzi, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri məruzə ilə çıxış ediblər.