İQTİSADİYYAT
Beynəlxalq Telekommunikasiya İttifaqının reytinq cədvəlində Azərbaycanın mövqeyi 9 pillə yaxşılaşıb
Bakı, 1 dekabr, AZƏRTAC
Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı üzrə yeni hesabatını dərc edib. 167 ölkədən ibarət reytinqdə İKT-dən istifadə üzrə ilk pillədə Koreya Respublikası qərarlaşıb. Danimarka və İslandiya müvafiq olaraq ikinci və üçüncü pilləni tutublar. Bu reytinqdə Azərbaycan 67-ci yerdədir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-bildirilib ki, 2010-cu ildə ölkəmiz müvafiq göstərici üzrə 76-cı yerdə qərarlaşmışdı. Reytinq cədvəlində Azərbaycanın mövqeyi 9 pillə yaxşılaşıb. İKT reytinqində Azərbaycan MDB ölkələri arasında ilk beşliyə daxildir.
Rusiya 45-ci, Qazaxıstan 58-ci, Moldova 66-cı, Gürcüstan 76-cı, Qırğızıstan 97-ci pillədə qərarlaşıb.
BTİ-nin hesablamalarına əsasən, 2015-ci ilin sonunadək dünyada 7,1 milyard mobil telefon abunəçisi və 3,2 milyard internet istifadəçisi qeydə alınacaq, planet əhalisinin 43,4 faizi internetə çıxış imkanına malik olacaq.
2010-2015-ci illərdə qlobal İKT reytinqinə daxil edilmiş 167 ölkə əhalinin informasiya-kommunikasiya texnologiyalarına çıxışının genişləndirilməsində böyük irəliləyişə nail olub. Cari ilin sonunadək dünyada yaşayan bütün ailələrin 46 faizi öz evində internetə çıxış imkanına malik olacaq.