ELM VƏ TƏHSİL
Beynəlxalq Tərcüməçilər Federasiyasının nümayəndələri Bakı Slavyan Universitetində
Bakı, 1 aprel, AZƏRTAC
Beynəlxalq Tərcüməçilər Federasiyasının (BTF) prezidenti Henri Liunin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Asif Hacıyevlə görüşüb.
BSU-dan AZƏRTAC-a bildirilib ki, A.Hacıyev qonaqlara rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixi, beynəlxalq əlaqələri, burada tədris olunan dillər, habelə universitet tərəfindən icra edilən genişmiqyaslı layihələr barədə məlumat verib. Universitetin Beynəlxalq Tərcüməçilər Federasiyası ilə əməkdaşlığa hazır olduğunu deyən A.Hacıyev qonaqları BSU-da keçirilən beynəlxalq konfranslara iştiraka dəvət edib.
Səmimi görüşə görə universitetin rəhbərliyinə minnətdarlıq ifadə edən nümayəndələr BTF-nin tarixi, fəaliyyəti barədə məlumat verib, BSU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.