REGİONLAR
Beynəlxalq Tolerantlıq Günü dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirməyə səsləyir
Tovuz, 16 noyabr, Famil Quliyev, AZƏRTAC
Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində 16 Noyabr - Beynəlxalq Tolerantlıq Günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Təranə Bayramova, icra hakimiyyətinin məsul işçisi Bəhruzər Rüstəmov, Milli Məclisin deputatı Qənirə Paşayeva, Bakı Dövlət Universitetinin Qazax filialının müəllimi Hikmət Yusifov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Beynəlxalq Tolerantlıq Günü UNESCO-nun 50 illiyi münasibətilə təsis edilib və hər il dünyada qeyd edilməsi ənənə halını alıb. Bu günün təsis olunmasında məqsəd dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirməyə, mehriban qonşular kimi yaşamağa çağırmaqdır. Vurğulanıb ki, Azərbaycan dünyada tolerantlıq örnəyi kimi tanınır. Ölkəmizdə bütün millətlər, xalqlar, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar.
Tədbirdə Azərbaycanda tarixən mövcud olan tolerantlıq və multikultural dəyərlər barədə ətraflı bəhs edilib, dövlətimizin bu sahədə apardığı uğurlu siyasətdən söhbət açılıb.
X X X
Multikultural dəyərlər, tolerantlıq ənənələri Ağstafada keçirilən tədbirin də əsas mövzusu olub.
Beynəlxalq Tolerantlıq Gününə həsr olunan tədbiri rayon icra hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev açıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, xalqlar, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar.
Qeyd olunub ki, Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan milli və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Bütün bunlar, heç şübhəsiz, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu düzgün strateji xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin göstəricisidir.
Çıxışlarda ölkəmizdəki tolerantlıq ənənələrindən, multikultural dəyərlərə verilən önəmdən ətraflı bəhs olunub.