İQTİSADİYYAT
Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə ikinci konteyner qatarı mənzil başına çatıb
Bakı, 3 oktyabr, Elvin Camalov, AZƏRTAC
Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə ikinci konteyner qatarı Azərbaycan ərazisindən tranzit olaraq keçməklə Gürcüstana çatıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, qeyd olunan konteyner qatarının fəaliyyəti dəmir yolları rəhbərlərinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin iclaslarında əldə etdikləri danışıqların nəticəsi olaraq, "Qazaxıstan Dəmir Yolları" SC, "Çin Dəmir Yolları" (ÇSR), "Azərbaycan Dəmir Yolları" QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə həyata keçirilir.
Çin Xalq Respublikasının Urumçi-Xinjiang vilayətinin Alaşanko stansiyasından çıxan konteyner qatarı Azərbaycan ərazisindən tranzit olaraq keçməklə, 8 gün ərzində Gürcüstanın Tbilisi Uzlovaya stansiyasına çatıb. Konteyner qatarı 44 ədəd vaqondan ibarətdir.
Xatırladaq ki, Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı marşrutu üzrə hərəkət edən ilk sınaq konteyner qatarı bu il avqustun 3-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatmışdı.