MƏDƏNİYYƏT
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türk Dünyası Jurnalistlər Federasiyası ilə əməkdaşlığı dəstəkləyir
Bakı, 4 iyul, AZƏRTAC
İyulun 4-də Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbəri Dəmir Menderes və Türkiyənin Amasya Universitetinin nümayəndələri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olublar.
Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə D.Menderes Türk Dünyası Jurnalistlər Federasiyasının fəaliyyətindən, eləcə də Azərbaycan-Türkiyə dostluğu çərçivəsində görülmüş işlərdən söz açıb. O, eyni zamanda, türk dünyası ilə bağlı Federasiya tərəfindən planlaşdırılan tədbirləri, o cümlədən Amasya Universitetinin dəstəyilə “Türk Dünyası Sənədli Film Festivalı”, “Qorqud Ata Aşıqlar Karvanı” layihələri barədə məlumat verib, onların reallaşdırılmasının əhəmiyyətindən danışıb.
G.Əfəndiyeva belə layihələrin ümumtürk mədəni irsinin mühafizəsi, təşviqi, dünyaya tanıdılması və bütövlükdə türk dünyasının birliyi üçün mühüm əhəmiyyət daşıdığını, Fondun Federasiya ilə əməkdaşlığa dair dəstəyini ifadə edib.