CƏMİYYƏT


Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə BAMF arasında əməkdaşlıq əlaqələri qurulur

Bakı, 10 iyun, AZƏRTAC 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Beynəlxalq Avrasiya Mətbuat Fondunda olub.

Beynəlxalq Avrasiya Mətbuat Fondundan AZƏRTAC-a bildiriblər ki, BAMF-in prezidenti Umud Mirzəyevlə görüşən Günay Əfəndiyeva ilk olaraq Türk Mədəniyyəti və İrsi Fondunun qurulması zərurəti haqqında danışıb. O bildirib ki, türkdilli ölkələr arasında son onilliklərdə yaranan və inkişaf edən strateji münasibətlər qardaş ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün münbit zəmin yaradır. Belə ki, TDƏŞ, TÜRKSOY, TÜRKPA, Beynəlxalq Türk Akademiyası, Türkdilli Dövlətlərin Ağsaqqallar Şurası kimi beynəlxalq təşkilat və birliklər yaradılıb. Eyni zamanda, yeni yaradılan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, eləcə də Qırğızıstanda yaradılması nəzərdə tutulan Köçəri Sivilizasiya Mərkəzi də digər türkdilli təşkilatlarla birgə mənəvi türk birliyinin formalaşmasına xidmət edir. Fondun beynəlxalq aləmdə ikili standartların hökm sürdüyü bir zamanda əsas prioritetləri türk xalqlarının mədəniyyəti və irsinin təbliğ edilməsi istiqamətində birgə layihələrin həyata keçirilməsi, bu irsin öyrənilməsi, araşdırılması, türk dünyasında və bütün dünyada tanıdılmasıdır.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin əhəmiyyətini yüksək dəyərləndirən Umud Mirzəyev rəhbərlik etdiyi BAMF–in yaranma tarixi, müxtəlif sahələri əhatə edən fəaliyyəti və həyata keçirdiyi çoxsaylı layihələr barədə məlumat verib. O deyib ki, BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) əsas məşvərətçi statuslu üzvü olan BAMF 1992-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş müstəqil beynəlxalq qeyri-hökumət təşkilatıdır. BAMF-in sədri bildirib ki, rəhbərlik etdiyi təşkilat BMT qurumları, Amerika Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, nazirliklər, agentliklər, habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.

Tərəflər qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar. Qərara alınıb ki, yaxın vaxtlarda hər iki fond arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanması üçün hazırlıq işləri görülsün.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.