DÜNYA
Beynəlxalq Valyuta Fondu: “Deutsche Bank”ın biznes modeli köhnəlib
Bakı, 7 oktyabr, AZƏRTAC
Beynəlxalq Valyuta Fondu (BVF) hesab edir ki, Almaniya və Avropa hakimiyyəti "Deutsche Bank"ın hazırkı vəziyyətini izləyir və maliyyə sisteminin sabit qalması üzərində işləyir.
AZƏRTAC “banks.eu” saytına istinadla xəbər verir ki, BVF və Dünya Bankının Vaşinqtonda keçirilən illik toplantısında fondun məmurları alman bankında böhran riskini azaltmağa cəhd göstəriblər. Fond bank ətrafında baş verən vəziyyətdən narahatdır.
BVF-nin bazarlar üzrə direktor müavini Piter Dattels qeyd edib ki, "Deutsche" bank sistemli mühüm bankdır və xüsusən mənfi faiz dərəcələri dövründə ona mənfəət götürməyə imkan verməyən köhnə biznes modelinə yenidən baxmaq lazımdır. "Deutsche Bank" öz biznesində dəyişiklik edə biləcək bankların sırasına daxildir. İnvestorları inandırmaq lazımdır ki, bu model fəaliyyət göstərməyə qadirdir, habelə məhkəmə çəkişməsinə görə meydana çıxan əməliyyat riski məsələlərini nəzərdən keçirmək lazımdır.
Hazırda "Deutsche Bank"ın icraçı direktoru Con Krayen və Almaniyanın maliyyə naziri Volfqanq Şoyble Vaşinqtonda Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun İllik Toplantısında iştirak edirlər.