DÜNYA
Beynəlxalq Valyuta Fondu Macarıstanda vergi güzəştlərini azaltmağı tövsiyə edib
Bakı, 30 mart, AZƏRTAC
Beynəlxalq Valyuta Fondu (BVF) hesab edir ki, Macarıstanda vergi güzəştlərinin sayı həddindən artıq çoxdur və onların azaldılması məsləhətdir. Hökumətə vergi inzibatçılığını təkmilləşdirmək də tövsiyə edilib.
AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, BVF hər il nəşr etdirdiyi icmalda maaşlardan tutulan vergi yükünün azaldılmasını və iqtisadiyyatın ayrı-ayrı konkret sahələrində vergi rəqabətinə mane olan amillərin aradan qaldırılması məqsədilə atılan addımları bəyəndiyini qeyd edib.
Fondun rəyinə əsasən, hökumət vergiləri azaltmaqda və vergi güzəştlərini aradan qaldırmaqda davam etməli, əlavə dəyər vergisinin tutulması üçün mövcud olan mürəkkəb rejimi sadələşdirməlidir.
Bundan əlavə, BVF-nin hesabatında bildirilib ki, Macarıstan “şəffaflığın artırılması, vergi siyasətinin proqnozlaşdırıla bilməsinin gücləndirilməsi, vergiödəmə qaydalarının daha da sadələşdirilməsi nəticəsində korrupsiyanı aradan qaldırmaqla” ölkədəki biznes mühitini yaxşılaşdıra bilər.