ELM VƏ TƏHSİL
Beynəlxalq Xarəzmi mükafatı elan edilib
Bakı, 26 oktyabr, AZƏRTAC
İran Elm və Texnologiya Tədqiqat Təşkilatı ilə Elm və Texnologiya Nazirliyi 30-cu Beynəlxalq Xarəzmi mükafatını (Khwarizmi International Award – KIA) elan edir.
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTAC-a bildirilib ki, hər il təşkil edilən müsabiqənin əsas məqsədi dünyanın bütün ölkələrindən olan tədqiqatçı, ixtiraçı və novatorlar tərəfindən əldə olunan mühüm elmi nailiyyətlərin mükafatlandırılmasıdır.
Müsabiqə informasiya texnologiyaları, kompüter elmləri, mexatronika, sənaye və texnologiya idarəçiliyi, tibb elmləri, kənd təsərrüfatı, biotexnologiya, nanotexnologiyalar və başqa elm sahələrini əhatə edir. Təqdim olunacaq tədqiqat işləri tətbiqi və fundamental tədqiqat, ixtira və innovasiya kateqoriyaları üzrə müəyyənləşdirilir.
Müsabiqəyə materialların qəbulu noyabrın 30-dək aparılır. KIA laureatları 2017-ci ilin yanvarında elan olunacaq. Mükafatlandırma mərasimi gələn ilin fevralında keçiriləcək.
Ətraflı məlumatı www.khwarizmi.ir saytında əldə etmək mümkündür.