CƏMİYYƏT
Beynəlxalq Yer Günü ilə əlaqədar maarifləndirici tədbirlərə start verilib
Bakı, 21 aprel, AZƏRTAC
22 aprel - Beynəlxalq Yer Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tədbirlər Planına uyğun olaraq bu il də müxtəlif tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Aprelin 19-da ETSN-də paytaxtdakı ali məktəblərin 60-dan artıq tələbəsinin iştirakı ilə “Ətraf mühitin mühafizəsi sahəsində ümummilli lider Heydər Əliyevin ideyalarının təbliği” movzusunda “dəyirmi masa” keçirilib. Aprelin 20-də isə Bakı Dövlət Universitetində 150-dən çox tələbənin iştirakı ilə seminar təşkil olunub.
Tələbələrə son illərdə ətraf mühitin mühafizəsi ilə bağlı nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə geniş məlumat verilib və onları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.
Beynəlxalq Yer Günü ilə əlaqədar orta və ali təhsil müəssisələrində təhsil alan yeniyetmə və gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması məqsədilə ETSN tərəfindən maarifləndirici tədbirlər davam etdirilir.