ELM VƏ TƏHSİL
“Beynəlxalq bloq günü” münasibətilə fəal bloqçularla görüş keçirilib
Bakı, 1 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Təhsil Nazirliyinin təşəbbüsü ilə “Beynəlxalq bloq günü” münasibətilə maarifçi QHT-lər və fəal bloqçularla görüş keçirilib.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, tədbiri açan Təhsil Nazirliyinin institusional inkişaf üzrə koordinatoru Elçin Sərdarov “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı”nın icrası haqqında danışıb, elm-təhsil istiqamətində tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.
Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov isə tələbələrin köçürülməsinin elektron qaydada aparılması, yeni yaradılan “transfer.edu.az” saytı barədə iştirakçıları məlumatlandırıb. Vurğulanıb ki, 906 müraciətdən 157-si müsbət cavabını tapıb.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Daha sonra “Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyinin əməkdaşı, layihənin rəhbəri Rüstəm Ağayev tərəfindən təqdim olunub. O, bu məsələ ilə bağlı dünya və Avropa təcrübəsindən, hazırda layihənin reallaşdırılması üçün gördükləri işlərdən, nazirlik yanında yaradılacaq “Psixoloji Mərkəz”dən bəhs edib.
MEK-in sərbəst elektron resurslarla iş bölməsinin əməkdaşı Günay Məmmədova kitabxanada Vikipedia təlimləri istiqamətində görülən işlərdən danışıb.
Tədbirdə Azərbaycan və rus dilli bloqçular, QHT təmsilçiləri çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.