İDMAN


Beynəlxalq boulinq turnirində iştirak edəcək azərbaycanlı jurnalistlər Mtsxetidə olublar

Mtsxeti, 9 avqust, AZƏRTAC

Gürcüstanın paytaxtı Tbilisidə jurnalistlər arasında ilk dəfə təşkil olunacaq boulinq turnirinin iştirakçıları avqustun 9-da Mtsxeta şəhərində olublar. İştirakçılar arasında azərbaycanlı jurnalistlərdən ibarət heyət də yer alıb.

AZƏRTAC xəbər verir ki, əvvəllər Gürcüstanın paytaxtı olmuş Mtsxeta ilə tanışlıq məşhur Cvari məbədindən başlayıb. Sıldırım qayalığın kənarında yerləşən məbəd VII əsrdə inşa olunub və UNESCO-nun Dünya İrs Siyahısına salınıb. Cvaridə heç bir təmir-bərpa işi aparılmayıb və məbəd ilkin görünüşünü qoruyub saxlayıb. Məbəddən Kür və Arqavi çaylarının qovuşmasını izləmək gözoxşayan mənzərə ilə yadda qalır.

Daha sonra qonaqlar Samtavro monastırı və Svetitsxoveli kilsəsi ilə tanış olublar. Svetitsxoveli kilsəsi Gürcüstanın IV əsrdə tikilmiş ilk xristian kilsəsi olan Müqəddəs Sidoniyanın yerində XI əsrdə ucaldılıb.

“Svetitsxoveli” sözünün gürcü dilindən tərcüməsi “can verən sütun” deməkdir və o, minilliklər boyu Gürcüstanın başlıca məbədi olub. Gürcüstan pravoslav kilsəsinin əsas mərasimləri, o cümlədən Katolikos-Patriarxın taxt-taca gəlməsi ayini bu gün də məhz bu məbəddə keçirilir.

Kilsədə mehrabın qarşısında gürcü çarları – Tbilisinin banisi Vaxtanq Qorqasali, Kaxetiya hökmdarı – Baqrationlar sülaləsindən olan I İrakli dəfn olunublar. Kilsədən Mtsxetanın mərkəzinə gedib gəzmək olar. Burada sanki qədim zamanlara qayıdırsan: evlərin hamısının damları kirəmitlə örtülüb, fasadları, çəpərləri eynidir, yollara daş döşənib.

Samtavro monastırı IV əsrində çar III Mirion tərəfindən inşa olunub. Monastır dəfələrlə dağıdılıb və yenidən bərpa edilib. Samtavro monastırı turistlərin ən çox üz tutduğu məkanlar sırasında ilk pillələrdə yer alır.

Səxavət Quliyev

AZƏRTAC-ın müxbiri

Mtsxeti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.