İQTİSADİYYAT
Beynəlxalq daşımaları həyata keçirən fiziki şəxs gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərə bilər
Bakı, 4 avqust, AZƏRTAC
Beynəlxalq daşımaları həyata keçirən fiziki şəxs gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərə bilər.
Bunu AZƏRTAC-ın sualına cavab olaraq Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildiriblər. Sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başlanan günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır. Vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin vergi uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsilə vergi orqanına gəlməklə və ya poçt vasitəsilə edilir.
Məlumata görə, vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alınmaq mümkündür. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsilə aparılır.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə uyğun olaraq müəyyən olunur. Belə ki, beynəlxalq daşımaları həyata keçirən fiziki şəxs sadələşdirilmiş vergini tətbiq etmək hüququ olmadığından, öz istəyinə uyğun olaraq gəlir vergisinin ödəyicisi və ya ƏDV-nin ödəyicisi kimi fəaliyyət göstərə bilər.