CƏMİYYƏT
Beynəlxalq “dəyirmi masa”nın məruzəçiləri Bilik Fondunda olublar
Bakı, 30 iyun, Günel Məlikova, AZƏRTAC
Bakıda keçirilmiş “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda I beynəlxalq “dəyirmi masa”nın məruzəçiləri - rusiyalı alim, siyasi analitik Oleq Kuznetsov və ABŞ-ın Tennesi Texnologiya Universitetinin sosiologiya və siyasi elmlər fakültəsinin professoru Maykl Günter Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olublar.
AZƏRTAC xəbər verir ki, görüşdə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinin və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya, Hüquq və İnsan Haqları institutlarının nümayəndələri, Alban-Udi xristian icmasının sədri Robert Mobili, Bakı dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Bakı Dövlət Universitetinin, Dövlət İdarəçilik Akademiyasının əməkdaşları, media nümayəndələri və tələbələr iştirak ediblər.
Görüşdə erməni terrorunun mahiyyəti və tarixi, onun törətdiyi faciələr barədə fikir mübadiləsi aparılıb.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Azərbaycan xalqı ilə yanaşı, bir çox xalqların da məruz qaldığı dəhşətli erməni terrorunun acı nəticələrindən danışıb. O, bu faktların dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının vacibliyini vurğulayıb.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin böyük məsləhətçisi Həcər Verdiyeva erməni terrorunun tarixindən danışıb. Bildirilib ki, “erməniçilik” sindromunun qurbanı olan erməni millətçiləri XX əsrin əvvəllərində Şərqi Anadoludan Fərqanəyədək geniş bir məkanda dilindən, dinindən, yaşından və cinsindən asılı olmadan dinc, mülki əhaliyə qarşı soyqırımı siyasəti aparıb, milyonlarla insan - Anadolu türkləri, özbəklər, türkmənlər, farslarla bərabər, Azərbaycanda yaşayan xalqlar – azərbaycanlılar, ləzgilər, tatlar, yəhudilər, kürdlər, almanlar, ruslar, gürcülər, hətta ermənilərin özləri belə erməni terrorunun qurbanı olublar.
Sonra xarici qonaqlarla yerli elm xadimləri arasında “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda müzakirələr aparılıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində keçirilmiş beynəlxalq “dəyirmi masa” ilə bağlı təəssüratlarını bölüşən alimlər tədbir iştirakçılarının suallarını cavablandırıblar.