CƏMİYYƏT
Beynəlxalq ekspertlər tərəfindən “Sosial siyasət və sosial tədqiqatlar” mövzusunda seminar keçirilib
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) Gənclər Evində “QHT İdarəetmə Akademiyası” (QİDA) Proqramı çərçivəsində Çex Respublikasından olan mütəxəssislərin iştirakı ilə “Sosial siyasət və sosial tədqiqatlar” mövzusunda seminar keçirilib. Seminarda Milli Şuranın üzvü olan 12 gənclər təşkilatının nümayəndələri də iştirak edib.
ARGTMŞ-dan AZƏRTAC-a bildiriblər ki, seminarın keçirilməsində məqsəd sosial iş sahəsində gənclər təşkilatları və gənclər arasında məlumatlılığı artırmaq və iki ölkə arasında təcrübə mübadiləsini həyata keçirməkdir.
Çex Respublikasının KARİTAS (CARITAS – College of Social Work Olomouc) kollecinin nümayəndələri tərəfindən sosial siyasət və onun həyata keçirilməsi, sosial tədqiqatların aparılması istiqamətində məlumatlar verilib. Həmçinin beynəlxalq ekspertlər tərəfindən keçirilən seminarda iştirakçılar Çex Respublikasının sosial iş sahəsindəki təcrübəsi və sosial vəziyyəti ilə tanış olublar.
Qeyd edək ki, KARİTAS kolleci sosial iş sahəsində ixtisaslaşmanın vacibliyi nəzərə alınaraq 1995-ci ildə yaradılıb. Kollec qısa müddətdə Çex Respublikasının sosial sahədə vahid təhsil proqramı təklif edən tanınmış institutuna çevrilib.