SİYASƏT
“Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi” mövzusunda elmi mühazirə
Moskva, 17 fevral, Fəridə Abdullayeva, AZƏRTAC
Azərbaycan-Rus Mədəniyyət və Həmrəylik Mərkəzinin təşəbbüsü ilə Moskvada “Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi” mövzusunda elmi mühazirə oxunub.
Mühazirəni Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aspirantı, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Nəcibə Mustafayeva oxuyub. O, mərkəzin gənc fəallarını, Moskva Dövlət Hüquq Akademiyasının (MDHA) tələbələrini salamlayaraq, Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anmağı xahiş edib.
N.Mustafayeva vurğulayıb ki, Rusiyanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin Azərbaycanın başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqəti bu ölkənin ictimaiyyətinə çatdırmaq kimi unikal imkanı var. O deyib: “Leyla Əliyevanın sədrlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Birliyi Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri Rusiya ictimaiyyətinə çatdırmaq üçün mümkün olan hər şeyi edir”.
İnteraktiv mühazirədə Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və ağır nəticələri, beynəlxalq aspektləri, Xocalı soyqırımı müzakirə edilib.
N.Mustafayeva vurğulayıb: “Keçmiş DQMV-nin və Azərbaycanın işğal edilmiş digər rayonlarının ərazisində qondarma “Dağlıq Qarabağ respublikası” yaradılıb. Lakin heç bir dövlət və beynəlxalq qurum “dqr” adlı dövləti tanımayıb. Bundan əlavə, dünya birliyi Dağlıq Qarabağı nəinki müstəqil dövlət kimi, heç Ermənistanın tərkib hissəsi kimi də tanımır. Beynəlxalq qurumlar və üçüncü dövlətlər Dağlıq Qarabağın Azərbaycana aid olduğunu etiraf edirlər. Ermənistan hərbi qüvvələri işğal edilmiş bütün ərazilərdən çıxarılmalıdır”.
O da qeyd olunub ki, Azərbaycan tolerant ölkədir. Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş torpaqlarındakı tarixi-mədəniyyət abidələrinin dağıdılmasına baxmayaraq, ermənilərin Azərbaycandakı görməli yerləri bu günə qədər qorunub saxlanılıb. Bakının lap mərkəzində yerləşən erməni kilsəsi bunu təsdiq edir.
Tələbələr ilə diskussiya aparan Azərbaycan-Rus Mədəniyyət və Həmrəylik Mərkəzinin inkişaf üzrə direktoru, gənclər ittifaqlarının sədri Ramil İsmayılov bildirib ki, Vətənə məhəbbət seçdiyin sahənin gözəl mütəxəssisi olmaqdan başlayır. Biz ilk növbədə Azərbaycanın tarixini yaxşı bilməliyik, mütəşəkkil və mehriban olmalıyıq ki, haqlı olduğumuzu sübuta yetirək.
Sonda tələbələr Azərbaycan-Rus Mədəniyyət və Həmrəylik Mərkəzinin rəhbərliyinə və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Nəcibə Mustafayevaya maraqlı mühazirəyə görə təşəkkür ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva