SİYASƏT
Beynəlxalq ictimaiyyət regional problemlərin həllinə dəstəyi artırmağa çağırır
Bakı, 9 oktyabr, AZƏRTAC
Beynəlxalq ictimaiyyət milyonlarla əfqanıstanlı qaçqının vəziyyətinin uzunmüddətli həll yollarını tapmaq istəyində olduğunu bir daha təsdiqlədi və tarixdə qeydə alınmış ən uzunmüddətli köçkünlük vəziyyətlərindən birinə son qoymağa çağırış etdi.
BMT-nin Azərbaycandakı ofisindən AZƏRTAC-a bildiriblər ki, bu fikir təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) yaydığı məlumatda öz əksini tapıb.
QAK-ın İcraiyyə Komitəsinin 66-cı iclasında qəbul edilmiş bəyanatda qeyd olunub ki, üzv dövlətlər əfqanıstanlı qaçqınların evlərinə qayıtmaları və ölkələrinə yenidən inteqrasiya olunmaları üçün zəruri şərait yaradılmasında Əfqanıstana dəstək vəd edib.
BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş bildirib ki, digər böhranların miqyasından və həllinin təxirəsalınmazlığından asılı olmayaraq, Əfqanıstanı diqqətdən kənarda qoymaq təhlükəli olar. Sadəcə dünyanın digər yerlərində yeni köçkünlük hallarının baş verdiyi bir vaxtda onlara humanitar reaksiya verilməsi nöqteyi-nəzərindən aydın məsələdir ki, köhnə böhranların tədricən həll olunması onların üzərinə yeni-yeni böhranların gəlməsini aradan qaldırmaq üçün çox önəmlidir.
Bütün dünyada təxminən 2,6 milyon əfqanıstanlı sığınacaq axtarır və onların çoxu iki qonşu ölkəyə – Pakistana və İrana sığınıb. Pakistanda 1,5 milyondan artıq əfqanıstanlı qaçqın var, İranda isə təxminən 950 min əfqanıstanlı qaçqın kimi qeydə alınıb. Onların çoxu qaçqınların ikinci və ya üçüncü nəslinə mənsubdur və heç vaxt Əfqanıstanda yaşamayıb.
Ali Komissar deyib ki, qarşıdakı yol kəşməkəşli olacaq. Əfqanıstan daxilində, o cümlədən bu yaxınlarda Kunduz əyalətində qeyri-sabitlik artıb. Orada təxminən 120 min insan köçkünə çevrilib və getdikcə daha çox əfqanıstanlı Avropaya üz tutur. BMT QAK-ın hesablamalarına görə, bu il qayıqla Avropaya gələnlərin 14 faizə qədəri əfqandır.
Bəyanatda üzv dövlətlər əfqanıstanlı qaçqınlar üçün uzunmüddətli həll yollarının müəyyənləşməsində və tətbiq edilməsində regional yanaşmaya ehtiyac olduğunu etiraf ediblər. Bu kontekstdə onlar regiondakı əfqan qaçqınlarının durumunun həllinə yönələn əsas çərçivə sənədi olan “Əfqanıstanlı qaçqınlar üçün həll strategiyası: könüllü repatriasiyaya, davamlı reinteqrasiyaya dəstək və qəbuledici ölkələrə yardım” strategiyasına dəstəklərini bir daha təsdiqləyiblər.
İclasda bu strategiya çərçivəsində Əfqanıstan üçün nəzərdə tutulmuş layihələr toplusu müzakirə olunub. Ötən üç il ərzində hər üç ölkənin hökumətləri BMT QAK ilə birlikdə bu strategiyanı real layihələrə çevirmək, əfqanıstanlı qaçqınların könüllü repatriasiyasını asanlaşdırmaq və didərgin olduqları müddətdə onları geri qayıtdıqdan sonra reinteqrasiya olunma vasitələri ilə təmin etmək məqsədilə birgə səy göstəriblər. Layihələrin hədəfində əsasən təhsil, peşə bacarıqları və yaşayış bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı tələbatlar durur.
Bu ilədək təxminən 54 min qaçqın Əfqanıstana qayıdıb. Əfqanıstanda hər beş sakindən biri keçmiş əfqan qaçqınıdır. BMT QAK-ın hesablamalarına görə, qeydiyyata alınmış 100 mindən 150 minədək qaçqın 2016-cı ildə Pakistandan və İrandan könüllü surətdə qayıda bilər. Əfqanıstan hökuməti könüllü repatriasiya və reinteqrasiyanı hədəfləyən əhatəli plan hazırlayıb.
Prezident Məhəmməd Əşrəf Qaninin rəhbərliyi altında milli birlik hökuməti evlərinə qayıdan əfqanları məmnuniyyətlə qəbul etmək öhdəliyinə ciddi surətdə sadiq olduğunu dəfələrlə ifadə edib və təhlükəsiz sayılan ərazilərə qayıdış və reinteqrasiya üzrə fəaliyyətlərin koordinasiyası üçün geniş mexanizmlər yaradıb.
“İnsanların qayıda biləcəyi ərazilərin inkişafına vəsait qoymaqla Əfqanıstana qayıdışa zəmin yaratma prosesində beynəlxalq dəstək önəmlidir. Eyni zamanda, ərazilərində sığınacaq tapmış əfqanlara on illərlə dəstək olmuş iki əsas qəbuledici ölkəyə dəstəyi gücləndirmək vacibdir”, – deyə ali komissar qeyd edib.