MƏDƏNİYYƏT
Beynəlxalq incəsənət festivalının qalibləri mükafatlandırılıb
Bakı, 19 mart, Ceyhun Alışlı, AZƏRTAC
Martın 19-da R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında birinci Beynəlxalq incəsənət festivalının qaliblərinin mükafatlandırılması mərasimi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Avropa Müsabiqə Komitəsi, İtaliyanın Beynəlxalq Mədəniyyət Assosiasiyası -“Testene Art” və Cövdət Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Rusiyanın Əməkdar İncəsənət Xadimi, tanınmış musiqişünas Qalina Preobrajenskaya çıxış edərək festivalın əhəmiyyətindən danışıb. Bildirib ki, festivala dünyanın müxtəlif ölkələrindən solistlər, musiqi ansamblları və müxtəlif yaradıcı kollektivlər dəvət olunub. Festivala ümumilikdə 350-dək iştirakçı qatılıb ki, onların 200-ü azərbaycanlı, 150-si isə müxtəlif ölkələrdəndir.
Festivalın önəmini vurğulayan natiq qeyd edib ki, müsabiqə müxtəlif nominasiyalar və yaş kateqoriyaları üzrə aparılıb. Gələcəkdə belə festivalların ənənəvi olaraq, təşkilinin vacibliyini vurğulayan Q.Preobrajenskaya qalibləri təbrik edib.
Sonra qaliblər mükafatlandırılıb.
Azərbaycan Milli Konservatoriyasının tələbəsi Ramin Pələngli balaban üzrə müsabiqədə qalib gələrək “Qran-pri” mükafatına layiq görülüb.