ELM VƏ TƏHSİL


Beynəlxalq konfransda Azərbaycanın genetik ehtiyatlar sahəsində qazandığı nailiyyətlər yüksək qiymətləndirilib

Bakı, 6 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutu (GEİ) direktorunun elmi işlər üzrə müavini, dosent Mehrac Abbasov Qazaxıstanın Almatı şəhərində keçirilən genetika, genomiks, bioinformatika və biotexnologiya üzrə IV beynəlxalq konfransda iştirak edib.

İnstitutudan AZƏRTAC-a bildiriblər ki, M.Abbasov konfransda “Bərk və yumşaq buğda nümunələrinin genetik müxtəlifliyinin Yeni Nəsil Sekvenserləri ilə qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib, GEİ-də genom texnologiyalarının ümumi vəziyyəti və son illərdə əldə edilən nəticələr barədə məlumat verib. Dünyada ilk dəfə ABŞ-ın Şimali Dakota Universitetinin alimləri ilə birgə hazırlanan buğda bitkisinin tam genomunu əhatə edən 830 praymerlik panel və amplikon sekvensləmə protokolu, alınmış nəticələr, o cümlədən arpa bitkisinin amplikon sekvensləmədən alınan tək nukleotid polimorfizmi əsasında asosiativ xəritələnmənin nəticələrini nümayiş etdirib. Məruzə ətrafında müzakirələr aparılıb, yeni hazırlanan panelin əhəmiyyəti vurğulanıb, Azərbaycanda genetik ehtiyatların müasir texnologiyalarla tədqiqi və əldə edilən nailiyyətlər yüksək qiymətləndirilib.

M.Abbasov, həmçinin konfransın “Genomiks və bioinformatika” seksiyasına moderator təyin edilib və almaniyalı həmkarı professor Martin Gavar ilə birgə iclası aparıb. Tədbir zamanı Qazaxıstan, Rusiya, Türkiyə, Yaponiya, Böyük Britaniya və Belarus alimləri ilə birgə tədqiqatların aparılması, alim və tələbə mübadiləsi, birgə seminarların təşkili üzrə danışıqlar aparılıb və müəyyən razılıqlar əldə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.