ELM VƏ TƏHSİL
Beynəlxalq konfransda Günəş fizikası sahəsindəki yeniliklər müzakirə olunacaq
Bakı, 6 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) elmi-tədqiqat layihələri ilə yanaşı, böyük proqramları və müxtəlif tədbirlərin təşkil olunmasını qrantlar yolu ilə dəstəkləyir. Bu gün Azərbaycanda yüksək səviyyəli konfrans işə başlayıb. Tədbir olduqca aktual və vacib məsələyə - “Günəş və Günəş tipli ulduzların dəyişkənliyi: astroseysmologiyadan kosmik havayadək” mövzusuna həsr olunub.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində EİF-in icraçı direktoru Elçin Babayev deyib. Son onilliklərdə Azərbaycanda Günəş fizikası üzrə konfransın ilk dəfə keçirildiyini bildirən E.Babayev tədbirə bu sahə üzrə dünyanın görkəmli mütəxəssislərinin dəvət olunduğunu, konfransda onların Günəş fizikası və Günəş-Yer əlaqələri sahəsində ən son yenilikləri əks etdirən icmal-məruzələrinin dinləniləcəyini söyləyib.