ELM VƏ TƏHSİL
Beynəlxalq konfransda azərbaycanlı alimin məruzəsi böyük maraqla qarşılanıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı, biologiya üzrə elmlər doktoru, professor Naib Əminov Sankt-Peterburqda keçirilən “Mədəni bitkilərin sistematikası və təkamül problemləri” mövzusunda beynəlxalq elmi konfransda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, konfransda N.Əminov “Buğda genofondunun zənginləşdirilməsi yolları” mövzusunda məruzəsində üçcinsli mürəkkəb hibridlərin yaradılmasını və onların buğda ilə hibridləşməsini buğda genofondunun zənginləşdirilməsi yollarından biri kimi təqdim edib. O, belə çarpazlaşmaların səmərəliliyini göstərərək, yaradılmış yeni sabit formaların molekulyar-sitogenetik tədqiqi haqqında müfəssəl məlumat verib. Bildirib ki, bu tədqiqatlar nəticəsində həmin formalarda əsaslı xromosom dəyişikliklərinin – xromosom əvəzolunmalarının və translokasiyalarının baş verdiyi aşkar edilib.
Nəticələri əks etdirən mikrofotoşəkillər konfrans iştirakçılarının nəzərinə çatdırılıb. Məruzə böyük maraqla qarşılanıb və iştirakçıların sualları cavablandırılıb.
Tədbirdə Qazaxıstan, Slovakiya, Çexiya, Özbəkistan, Rusiya, Ukrayna və başqa ölkələrdən də nümayəndələr iştirak ediblər.