İQTİSADİYYAT
Beynəlxalq konfransda maliyyə-bank sektorunun aktual problemlərindən bəhs olunub
Azərbaycan Mərkəzi Bankının (AMB) təşkilatçılığı ilə “İnkişaf etməkdə olan ölkələrdə makroiqtisadi siyasət və maliyyə sabitliyi məsələləri” mövzusunda təşkil edilmiş 1-ci Beynəlxalq tədqiqat konfransı öz işini oktyabrın 31-də başa çatdırıb.
Mərkəzi Bankdan AZƏRTAC-a verilən məlumata görə, iki gün davam edən konfransda 15 ölkənin mərkəzi bankları və universitetlərindən 30-a yaxın tanınmış tədqiqatçı, həmçinin ölkəmizin qabaqcıl ali məktəb, beyin mərkəzlərinin tədqiqatçıları və maliyyə-bank sektorunun nümayəndələri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Mərkəzi Bankın sədr müavini Xəqani Abdullayev makroiqtisadi və maliyyə sabitliyi siyasətləri üzrə qlobal çağırışlar barədə ətraflı məlumat verib. O, monetar siyasət sahəsindəki son meyillər, regionlar arasında müşahidə olunan müxtəlif artım templəri, fiskal konsolidasiya, qlobal risklər və onunla mübarizə məsələlərinə toxunub.
Daha sonra ABŞ-ın Cənubi Kaliforniya Universitetinin professoru Joshua Aizenmanın “Post-böhran dövründə inkişaf etməkdə olan və resurslarla zəngin ölkələrin fiskal və monetar siyasət təcrübələri” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi resursla zəngin ölkələrdə fiskal kövrəklik və pul-məzənnə siyasəti üzrə mövcud problemlərə aydınlıq gətirib. Amerikalı alim, həmçinin pro-tsiklik sektor üzrə əsas çağırışları, onun nəticələrini və monetar və fiskal siyasətlər üzrə qlobal tövsiyələri müzakirəyə təqdim edərək, resurs qiymətləri və institusional mühitin makroiqtisadi nəticələrinə dair geniş təhlillər verib.
Türkiyənin Bilkent Universitetinin professoru Refet Gürkaynak mərkəzi bankçılığın optimal mandatı üzrə inkişaf etməkdə olan və resursla zəngin ölkələrin təcrübələrindən, neft sərvətindən optimal yığım və istifadə, kapital axınlarının idarə edilməsi, inflyasiya üzərində nəzarət və makroprudensial siyasət kimi məsələlərdən bəhs edib. O, çıxışında resursla zəngin ölkələrdə optimal monetar siyasət və mərkəzi bankların mandatına dair təcrübələrə də toxunub.
Əsas məruzələrdən sonra konfrans işini sessiyalar üzrə davam etdirib. Konfransda 7 sessiya üzrə qabaqcıl mərkəzi bankların və universitetlərdən 30-a yaxın tanınmış tədqiqatçısı, o cümlədən Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin mütəxəssisləri təqdimatla çıxış ediblər. Post-böhran dövründə makroiqtisadi çağırışlar, inkişaf etməkdə olan ölkələrdə pul siyasəti çərçivəsi, mərkəzi banklarda modelləşdirmə və proqnozlaşdırma təcrübəsi, kapital axını və maliyyə sabitliyi, maliyyə sisteminin tənzimlənməsi problemlərinə dair tədqiqat işlərinin təqdimatı keçirilib. Əsas diqqət Avropanın keçid iqtisadiyyatlarında “əkiz kəsirlər”in formalaşması, monetar siyasətin makroiqtisadi təsirlərinin qiymətləndirilməsi, neft ixrac edən ölkələrdə iqtisadi tsikllərin formalaşmasında neftin rolu və digər aktual məsələlərə yönəldilib. Eyni zamanda, bank kreditləşməsinə və real iqtisadiyyata kredit təklifinin təsirləri, keçid tipli ölkələrdə fiskal siyasətin dayanıqlılığı, Cənub-Şərqi Avropada böhrandan sonra kreditlərin azalması, bank böhranlarında tətbiq olunan makroprudensial siyasətlərin effektivliyi, maliyyə vasitəçiliyi və iqtisadi artım arasında əlaqə, mərkəzi banklarda proqnozlaşdırma aparatının təkmilləşdirilməsi də müzakirə mövzusu olub.
Konfransın sonunda sessiyalar üzrə aparılmış tədqiqat işlərinin nəticələri ümumiləşdirilərək, post-böhran dövründə inkişaf etməkdə olan və resursla zəngin ölkələrdə makroiqtisadi çağırışlar, monetar siyasət çərçivəsinin formalaşması, makroprudensial siyasət və maliyyə bazarlarının tənzimlənməsinə dair təkliflər hazırlanıb.