ELM VƏ TƏHSİL
Beynəlxalq konfransın iştirakçıları Fizika İnstitutunda yaradılmış şəraiti yüksək qiymətləndirib
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) təşkilatçılığı ilə Bakıda keçirilmiş birinci Azərbaycan - Belarus beynəlxalq konfransının iştirakçıları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda olublar.
Görüşdə EİF–in icraçı direktoru Elçin Babayev, Belarus Respublikası Fundamental Tədqiqatlar Fondunun icraçı direktoru, akademik Valentin Orloviç, Belarus Milli Elmlər Akademiyasının (BMEA) müxbir üzvü Sergey Qaponenko, Belarus Dövlət İnformatika və Radiotexnika Universitetinin mikro və nanoelektronika kafedrasının dosenti, texnika elmləri üzrə fəlsəfə doktoru Viktor Stempetçki və BMEA tabeliyində olan institutların gənc alim və mütəxəssisləri iştirak ediblər.
Fizika İnstitutundan AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Belarus arasında birgə elmi layihələrin həyata keçirilməsi, dünya standartlarına cavab verən maddi-texniki bazanın yaradılması, kadr hazırlığı və uzunmüddətli elmi mübadilələrin aparılması haqqında razılıq əldə olunub.
Sonra AMEA-nın Fizika İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Nazim Məmmədov qonaqları elmi müəssisənin əməkdaşlarının Elmin İnkişaf Fonduna təqdim etdikləri layihələr çərçivəsində alınmış cihazlarla, həmçinin alimlərin elmi fəaliyyətləri ilə tanış edib.
Qonaqlar Fizika İnstitutunda ən müasir cihazlarla təchiz olunması və burada alimlərin tədqiqat aparmaları üçün yaradılmış şəraiti yüksək qiymətləndiriblər.