ELM VƏ TƏHSİL
“Beynəlxalq mediada Azərbaycan mövzusu: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilir
Bakı, 11 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) “Ulus” Fondunun BDU-nun jurnalistika fakültəsi ilə birgə təşkil etdiyi “Beynəlxalq mediada Azərbaycan mövzusu: reallıqlar, perspektivlər” mövzusunda konfrans öz işinə başlayıb.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, Türkiyə və İrandan, həmçinin MDB ölkələrindən olan media nümayəndələrinin qatıldıqları tədbirdə bu ali məktəbin rektoru, akademik Abel Məhərrəmov beynəlxalq mediada ölkəmizin maraqlarının müdafiəsinin, xalqımızın milli mənəvi dəyərlərinin geniş işıqlandırılmasının əhəmiyyətindən danışıb.
BDU-nun jurnalistika fakültəsinin dekanı vəzifəsini icra edən, professor Cahangir Məmmədli dövlətlərarası münasibətlərin yaxşılaşdırılmasında medianın rolu və Azərbaycan mövzusunun işıqlandırılması məsələlərindən söz açıb. Bildirilib ki, vahid informasiya məkanında Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması ölkə mediasının prioritetlərindəndir.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və digər çıxış edənlər Azərbaycan həqiqətlərinin beynəlxalq mediada işıqlandırılmasının vacibliyini vurğulayıblar.