MƏDƏNİYYƏT
Beynəlxalq musiqi festivalı çərçivəsində Süleyman Ələsgərovun yubiley gecəsi
AZƏRTAC xəbər verir ki, sentyabrın 22-də festival çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti, Dövlət Mükafatı Laureatı, professor Süleyman Ələsgərovun 90 illiyinə həsr olunmuş konsert təqdim edilib.
Bildirilib ki, 1924-cü ildə Şuşada anadan olan Süleyman Ələsgərov şəhərdəki musiqi və pedaqoji texnikumlarında təhsil alıb, sonra ali təhsilini Azərbaycan Dövlət Konservatoriyasında davam etdirib, dahi bəstəkar, pedaqoq Üzeyir Hacıbəylinin tələbəsi olub. O, müxtəlif vaxtlarda Bakı orta ixtisas musiqi məktəbinin müəllimi, direktoru, respublika Kinematoqrafiya Komitəsinin nəzdində orkestrin, Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının bədii rəhbəri, Mədəniyyət Nazirliyinin incəsənət idarəsinin rəisi vəzifələrində çalışıb. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) pedaqoji fəaliyyət göstərib. 1991-ci ildən ömrünün sonunadək konservatoriyanın Şuşa filialının direktoru olub. 2000-ci ildə dünyasını dəyişib.
Vurğulanıb ki, Süleyman Ələsgərovun yaradıcılığı Azərbaycan professional musiqi tarixinin parlaq səhifələrindən biridir. Bəstəkar musiqinin, demək olar ki, bütün janrlarında əsərlərin, o cümlədən opera və operettaların müəllifidir.
Gecədə Azərbaycan Dövlət xalq çalğı alətləri orkestri (dirijor - Xalq Artisti Ağaverdi Paşayev) və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri (dirijor - Xalq Artisti Rauf Abdullayev) çıxış edib.
Konsertdə Süleyman Ələsgərovun qanun və xalq çalğı alətləri orkestri üçün “Poema”sı, saz və xalq çalğı alətləri orkestri üçün “Aşıqvari” və tar və xalq çalğı alətləri orkestri üçün 2 nömrəli konserti, dahi Üzeyir Hacıbəyliyə ithaf etdiyi “Eşq olsun sənətkara”, fortepiano və violonçel üçün ikili konserti, “Bayatı-şiraz” simfonik muğamı səslənib.