İQTİSADİYYAT
Beynəlxalq nəqliyyat dəhlizlərinin iştirakçıları Astanada TBNM-in imkanları və perspektivləri ilə tanış olublar
Bakı, 14 iyun, AZƏRTAC
Astanada "Nəqliyyat infrastrukturunun inkişafı, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların səmərəliliyinin və rəqabətə davamlılığının artırılması" mövzusunda “dəyirmi masa” keçirilib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.
“Transxəzər Beynəlxalq Nəqliyyat marşrutu” Beynəlxalq Assosiasiyasının təşkil etdiyi müzakirələrdə Qazaxıstan, Azərbaycan, Gürcüstan, Ukrayna, Çin, Türkiyə, Polşa, Latviya, Litva, Rumıniya, Bolqarıstan və Moldovanın 80-dən çox dəmir yolu, liman administrasiyası, nəqliyyat assosiasiyası, gəmi və nəqliyyat-logistik şirkətlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.
“Dəyirmi masa”da qazaxıstanlı və xarici mütəxəssislər mütəmadi konteyner servisinin inkişafını, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların imkanlarını və perspektivlərini, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin icra vəziyyətini, eləcə də liman infrastrukturunun genişləndirilməsini müzakirə ediblər.
“Arkas Logistics Services Group” şirkətinin vitse-prezidenti M.Çiper yüklərin TBNM vasitəsilə, intermodal nəqliyyat və liman əlaqələrindən istifadə etməklə, Türkiyəyə daşınma imkanlarını yüksək qiymətləndirib.
“Dəyirmi masa”nın yekunlarına dair “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasıyla Çinin Nəqliyyat və Kommunikasiya Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Həmin gün “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası təsisçilərinin ümumi yığıncağı keçirilib. Yığıncaq zamanı TBNM üzrə əvvəlki tariflərə yenidən baxılması və yeni tariflərin (o cümlədən, Ukrayna, Qara Dəniz limanlarının istifadəsi nəzərə alınmaqla) təsdiqlənməsi məsələləri müzakirə olunub.
Ümumi yığıncağın qərarı ilə Assosiasiyaya “PKP Genişizli metallurgik yol” MMC (Polşa) yeni assosiativ üzv kimi qəbul edilib.