CƏMİYYƏT


Beynəlxalq tədbirdə Azərbaycanın əmək və sosial müdafiə sahələrində avtomatlaşdırılmış sistemlərindən bəhs olunub

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

Avropa Sosial Rifah Siyasəti və Araşdırma Mərkəzi tərəfindən Avstriyanın paytaxtı Vyana şəhərində “Şərqi Avropada sosial təminat siyasəti sahəsində körpülərin yaradılması” adlı seminar və Mərkəzin Baş Assambleyasının iclası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti seminar zamanı son illər ölkəmizdə sosial sferada gerçəkləşdirilən islahat tədbirləri, əhaliyə göstərilən xidmətlərin müasir əsaslarla təşkili, bu sahədə geniş şəkildə tətbiq olunan innovativ yeniliklər barədə tədbir iştirakçılarına dolğun məlumatlar verib. Bu islahatların müsbət nəticələrinin, o cümlədən avtomatlaşdırılmış pensiya təyinatı, VEMTAS, əmək müqavilələrinin elektron qeydiyyatı və s. sistemlərin mötəbər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyi vurğulanıb.

Qeyd olunub ki, islahat tədbirlərinin mühüm komponenti kimi əlillik təyinatı və reabilitasiya sisteminin də tam avtomatlaşdırılması təmin edilib: “Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2015-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində yaradılan Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) əlilliyin qiymətləndirilməsi üçün vətəndaşlara elektron formada müraciət etmək imkanı verib. Artıq tibbi-sosial ekspertiza xidməti ilə bağlı aidiyyəti qurumlar arasında əlilliyə dair sənədlərin, göndəriş formalarının mübadiləsi elektron şəkildə həyata keçirilir. Bu da əlilliyin müəyyən olunmasında şəffaflığın təmin edilməsinə, məmur-vətəndaş münasibətlərinin minimallaşdırılmasına səbəb olub. Əlillik müayinəsi üçün edilmiş müraciətlər, keçirilmiş müayinələr, qəbul olunmuş qərarlar barədə məlumatlar elektron formada real vaxt rejimində sistemə ötürülür. Həmin qərarlar barədə eyni rejimdə məlumat əldə edilməsi üçün müayinə olunan şəxslərin, işəgötürənlərin və bu məlumatdan istifadə edən dövlət orqanlarının “Elektron hökumət” portalı vasitəsilə sistemə çıxışı da təmin edilib”.

Bildirilib ki, eyni zamanda TSERAS tərəfindən avtomatlaşdırılmış şəkildə əlillik müddəti başa çatmamış birinci dərəcə əlillik müddətsiz müəyyən olunmaqla, ikinci və üçüncü dərəcə əlliliklərin müddəti 5 ilə qədər uzadılıb: “Bununla da hər il təkrar müayinə edilməli olan 200 minə yaxın vətəndaşın bu prosedurdan keçməsinə artıq ehtiyac qalmayıb ki, bu da məmur-vətəndaş təmaslarının xeyli dərəcədə azalmasına səbəb olub. Ümumilikdə, hazırda nazirlik tərəfindən əhaliyə 29 adda elektron xidmət göstərilir. Həmin e-xidmətlər vətəndaşların əmək münasibətləri, pensiya, müavinət, sosial yardım, əlillik müayinəsi, sosial sığorta və s. sahələr üzrə xidmətlərdən elektron şəkildə faydalanmalarına imkan yaradıb. Təkcə bu ilin 8 ayında vətəndaşlar bu e-xidmətlərdən 4 061 039 dəfə faydalanıb ki, bu da həmin dövrdə ölkəmizin "Elektron hökumət" portalına müraciətlərin 34 faizini təşkil edib”.

Tədbirdə ölkəmizdə İKT-nin inkişafı, əmək və sosial müdafiə sisteminin müasir texnologiyalar üzərində modernləşdirilməsi istiqamətində qarşıdakı dövrdə də görülməsi nəzərdə tutulan işlər barədə də məlumatlar verilib.

Ölkəmizin əmək və sosial müdafiə sahələrində avtomatlaşdırılmış şəffaf idarəetmə və xidmət sistemləri, o cümlədən Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi barədə təqdim edilən məlumatlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Azərbaycan nümayəndə heyəti tərəfindən tədbir iştirakçılarının sualları da dolğun şəkildə cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.