REGİONLAR
“Beynəlxalq tələbə həftəsi” çərçivəsində Naxçıvan Dövlət Universitetində rəsm sərgisi açılıb
Naxçıvan, 10 noyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) “Beynəlxalq tələbə həftəsi” müxtəlif səpkili tədbirlərlə qeyd edilir. Bu çərçivədə universitetin incəsənət fakültəsində rəsm sərgisinin açılışı olub.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, sərgidə dekorativ tətbiqi sənət, rəngkarlıq, qrafika növü üzrə, eləcə də mənzərə, plakat, natürmort janrlarında müxtəlif mövzularda əl işləri sərgilənir.
Sərginin açılış tədbirində çıxış edən ali təhsil ocağının təsviri-incəsənət kafedrasının müdiri, Xalq Rəssamı, dosent Hüseynqulu Əliyev muxtar respublikada gənclərə göstərilən hərtərəfli dövlət qayğısından söhbət açıb.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxışında ölkəmizdə həyata keçirilən gənclər siyasətinin gələcək inkişafımıza xidmət etdiyini bildirib. Rektor təsviri sənət əsərlərinin bədii-estetik, ideoloji baxımdan mühüm dəyər kəsb etdiyini vurğulayıb, sərgi iştirakçılarına uğurlar diləyib.
Sonra sərgiyə baxış olub.
Sərgidə Ülvi Əsgərov, Aysel Süleymanova, Fidan İbrahimova və Vüsalə Musayevanın vitraj, mozaika, bədii tikmə növlərində işlədikləri əsərlər, Fəxriyyə Qədimbəyli, Gülnaz Səfərova, Gülüstan İsmayılova, Aynur Əliyeva və digərlərinin yağlı və sulu boya ilə çəkdikləri rəsm əsərləri xüsusi maraq doğurub.
Sərgi noyabrın 18-dək davam edəcək.