REGİONLAR


Beynəlxalq turizm mərkəzinə çevrilən Naftalanın siması daha da gözəlləşib

Naftalan, 2 iyul, Rauf Hacıyev, AZƏRTAC

Prezident İlham Əliyevin verdiyi tapşırıqların vaxtında və düzgün icra edilməsi Naftalanı beynəlxalq turizm mərkəzinə çevirib.

Naftalan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, şəhərin küçələrində, çoxmənzilli yaşayış massivlərində, həmçinin park və xiyabanlarda aparılan təmir-tikinti, yenidənqurma işləri həm şəhər infrastrukturunun inkişafı, həm də buranın beynəlxalq turizm mərkəzinə çevrilməsi istiqamətində görülən işlərin davamıdır.

Şəhər icra hakimiyyəti başçısı aparatında informasiya təminatı və təhlil sektorunun müdiri Ülfət Əliyev deyib ki, Prezident İlham Əliyev 2011-ci il fevralın 10-da Naftalana növbəti səfəri zamanı bu kurort şəhərində həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirlərinin sürətləndirilməsi üçün müvafiq tapşırıqlar verib. Prezident həmin tarixdə ictimaiyyət nümayəndələri ilə görüşü zamanı deyib: “Mən artıq tapşırıq vermişəm, burada nəinki mehmanxanalar tikilməli, bütün şəhər abadlaşmalıdır. Şəhərdəki bütün binalar təmir olunmalıdır, parklar, yeni xiyabanlar salınmalıdır və Naftalan nəinki Azərbaycanda, bütün bölgədə nadir bir gözəllik məkanına çevrilməlidir”.

Ülfət Əliyev qeyd edib ki, dövlətimizin başçısının bu səfərindən sonra Naftalanda bütün sahələrdə canlanma yaranıb və bu gün şəhərin siması başdan-başa dəyişib. Həm Naftalanın beynəlxalq səviyyəli sanatoriya kurort mərkəzinə çevrilməsi məqsədi ilə kompleks işlər həyata keçirilib, həm də şəhərin bütün infrastrukturunun inkişafına diqqət artırılıb, geniş quruculuq və abadlıq işlərinə başlanılıb və hazırda da bu işlər davam etdirilir.

Yenidənqurma işləri çərçivəsində uzun illərdən bəri təmirsiz qalmış çoxmənzilli yaşayış binalarının fasadı və dam örtükləri dəyişdirilib, binadaxili və şəhərdaxili kommunikasiya xətləri yenilənib, o cümlədən yeni istilik sistemi quraşdırılıb. Yağış suları üçün yeni xətlər çəkilib və suötürücü barmaqlıqlar qoyulub.

Artıq şəhərin bir hissəsində yolların, səkilərin kənarlarına səki daşları düzülüb, asfalt örtüyü salınıb, məhəllədaxili istirahət parkları və yeni piyada yolları yaradılıb. Parklarda istirahət köşkləri, basketbol, tennis və uşaq oyun meydançaları quraşdırılıb. Binaların qarşısında avtonəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz dayanması üçün xüsusi yerlər ayrılıb.

Hazırda Naftalan şəhərinin mərkəzi küçələrində yol infrastrukturunun yaxşılaşdırılması və çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri həyata keçirilir.

Beləliklə, demək olar ki, Naftalanda aparılan hər bir yenidənqurma və təmir işləri buranı gündən-günə gözəlləşdirib, sakinlərin rahat şəraitini təmin edib, şəhərin isə xarici turistlər arasında şöhrətini daha da artırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.