REGİONLAR


Beynəlxalq yarışın və Ümumrespublika birinciliyinin qalibləri mükafatlandırılıb VİDEO

A+ A

Qəbələ, 2 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC

Qəbələ rayonunda keçirilən “Gənc xilasedici” IV Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” V Ümumrespublika birinciliyinin qalibləri mükafatlandırılıb.

AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, UNICEF-in Bakı ofisinin, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən yarışların iyulun 2-də bağlanış mərasimi olub. Əvvəlcə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Qəbələ ictimaiyyətinin nümayəndələri rayondakı “Yeddi gözəl” otelində yarış iştirakçısı olan gənc yanğınsöndürən və xilasedicilərin iştirakı ilə keçirilən təlimlərə baxıblar.

Nazir Kəmaləddin Heydərov komandaların üzvləri ilə görüşərək onların sıra hazırlığı, geyimi, fiziki və taktiki hazırlığı, qidalanması üçün yaradılan şəraitlə tanış olub, xilasedici və yanğından mühafizə komandalarının fövqəladə hallara hazırlıq vəziyyəti, onların təlimləri, müxtəlif texnikalardan istifadə etmək bacarıqları ilə maraqlanıb.

Sonra komandalar şərti olaraq “Yeddi gözəl” otelində baş verən yanğının söndürülməsi, oteldə köməksiz vəziyyətdə qalan insanların xilas edilməsi, göldə boğulmaq təhlükəsi ilə üzləşən uşağın, dənizdə neft platformasında baş verən yanğın zamanı insanların xilas edilməsi əməliyyatını uğurla başa vurublar. Təlimdən sonra gənc yanğınsöndürən və xilasedicilər motosikllarla yürüş edərək ölkəmizin üçrəngli bayrağını dalğalandırıblar.

Daha sonra komanda kapitanlarının iştirakı ilə Qəbələ Mədəniyyət Mərkəzində “dəyirmi masa” keçirilib. Bu yarışların gənclərin fövqəladə hallara qarşı mübarizədə təcrübə qazanmalarına geniş imkanlar açacağını diqqətə çatdıran nazir Kəmaləddin Heydərov belə tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıb. Fövqəladə hallar naziri “dəyirmi masa” iştirakçılarının suallarını da cavablandırıb. Yarış iştirakçısı olan gənc əcnəbi xilasedicilər belə yüksək səviyyəli yarışlarda iştirakdan məmnunluq ifadə edib, tədbirin təşkilatçısı olan Fövqəladə Hallar Nazirliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbir iştirakçıları əcnəbi və yerli məktəblilərin əl işlərindən ibarət “Fövqəladə hallar uşaqların gözü ilə” adlı sərgiyə də baxıblar.

Yarışda qalib gələn komandaların mükafatlandırılma mərasimi keçirilib. Qəbələ Mədəniyyət Mərkəzində keçirilən mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə iyunun 28-dən iyulun 2-dək Qəbələdə keçirilən yarışlar haqqında FHN-in hazırladığı videoçarx nümayiş etdirilib. Məlumat verilib ki, beynəlxalq yarışda Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Pakistan, Gürcüstan və Belarusdan olan gənclər iştirak ediblər. Ümumrespublika birinciliyində isə 10 rayon və şəhərin komandaları güclərini sınayıblar. Komandalar yarışlarda “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələlərində güclərini sınayıblar.

Beynəlxalq yarışda birinci yeri Azərbaycan, ikinci yeri Gürcüstan, üçüncü yeri isə Rusiya komandaları tutub. Ümumrespublika birinciliyində isə birinci yerə Bakı şəhəri, Nizami rayonunun 220 nömrəli tam orta məktəbi, ikinci yerə Yardımlı, üçüncü yerə İsmayıllı rayonunun komandaları layiq görülüblər. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək bildiriblər ki, bu yarışın hər il keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanması, sağlam həyat tərzinin təbliğindən ibarətdir. Yeniyetmə və gənclər bu yarış vasitəsilə fövqəladə hallar zamanı necə davranmaq qaydalarını öyrənirlər və onlarda bu sahəyə böyük maraq yaranır. Belə yarışların keçirilməsi gənclərin fövqəladə hallara qarşı mübarizədə təcrübə əldə etmələrinə geniş imkanlar açır.

Sonra qalib komandalara mükafatlar təqdim edilib. Qaliblərə fəxri fərman və qiymətli hədiyyələr verilib. Yarışda iştirak edən yerli və xarici komandaların öz milli rəqs və mahnılarını ifa etmələri mərasimə xüsusi rəng qatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.