CƏMİYYƏT
Beynəlxalq yay məktəbinin iştirakçılarına birinci Avropa Oyunları barədə ətraflı məlumat verilib
Bakı, 29 iyul, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır və paylaş” mövzusunda keçirilən beynəlxalq yay məktəbinin iştirakçıları Gənclər və İdman Nazirliyində olublar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Birinci Avropa Oyunları - Azərbaycanın zəfəri” mövzusunda keçirilən görüşdə gənclər və idman nazirinin müavinləri İntiqam Babayev və İsmayıl İsmayılov bu möhtəşəm idman bayramı haqqında gənclərə ətraflı məlumat veriblər.
Gənclər və İdman Nazirliyinin nümayəndəsi Erkin Nəsirli birinci Avropa Oyunları haqqında slaydlar vasitəsilə geniş təqdimatla çıxış edib. Tələbələr Birinci Avropa Oyunlarının qalibləri - Firdovsi Fərzəliyev, Niyazi Əliyev, Fəridə Əzizova, İlahə Qasımova, Sevinc və Sevil Bünyadova bacıları ilə görüşüblər.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
Daha sonra yay məktəbinin iştirakçıları “İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğu, Bakı bulvarı və paytaxtın digər görməli yerləri ilə tanış olublar.