ELM VƏ TƏHSİL
Beynəlxalq yay universiteti başa çatıb
Bakı, 6 avqust, G.Məlikova, AZƏRTAC
Avqustun 6-da Bakıda “Ələddin” layihəsi, Avropa Komissiyası və UNESCO -nun birgə proqramı olan beynəlxalq yay universitetinin bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, “Ələddin” layihəsinin icraçı direktoru Abe Radkin, yay universitetinə qatılan tələbə və müəllimlər, KİV-lərin nümayəndələri iştirak ediblər.
C.Bayramov “Miqrasiya və mədəniyyətlərarası əlaqələrin gələcəyi” mövzusuna həsr edilən beynəlxalq yay universitetinə iyulun 25-dən başlandığını xatırladıb. Bildirilib ki, beynəlxalq yay universitetində müxtəlif ölkələrin nüfuzlu alimləri və Azərbaycanın müvafiq sahə üzrə aparıcı mütəxəssisləri tərəfindən təlimlər aparılıb. Nazir müavini deyib ki, layihənin əsas məqsədi mədəniyyətlərarası əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin beynəlxalq münasibətlərin həlledici humanitar və multikultural məsələlərinin araşdırılması imkanının genişləndirilməsidir.
“Ələddin“ layihəsinin icraçı direktoru Abe Radkin beynəlxalq yay universitetinin dünyada baş verən proseslərin müzakirəsi və müvafiq təhlillərin aparılması baxımından müstəsna rolunu qeyd edib.
Əcnəbi tələbələr Azərbaycandan xoş təəssüratla ayrıldıqlarını söyləyib, iki həftə müddətində sabitlik və qarşılıqlı anlaşmaya xidmət edən təlimlərin keçirilməsini cəmiyyətin inkişafına təkan verən amil kimi dəyərləndiriblər.
Sonra beynəlxalq yay universitetindən bəhs edən videoçarx nümayiş olunub.
Yay universitetini bitirmiş tələbələrə sertifikatlar təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Quba rayonundakı tədris, idman və istirahət kompleksində keçirilən beynəlxalq yay universitetində 20-dən çox ölkənin 26 universitetindən 56 tələbə iştirak edib. Beynəlxalq yay universiteti ilk dəfə 2013-cü ildə Türkiyənin İstanbul şəhərində, 2014-cü ildə Almaniyanın Berlin şəhərində, 2015-ci ildə isə Türkiyənin Kapadokiya bölgəsində keçirilib.
Beynəlxalq yay universiteti Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişafı və 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası çərçivəsində təşkil olunub.