CƏMİYYƏT


Beynəlxalq yay universitetinə bu il Azərbaycan ev sahibliyi edir

A+ A

Bakı, 25 iyul, Xatirə Cəfərova, AZƏRTAC

İyulun 25-də Bakıda UNESCO-nun “Ələddin” layihəsi çərçivəsində bu qurumun Avropa Komissiyası ilə birgə proqramı olan “Miqrasiya və mədəniyyətlərarası əlaqələrin gələcəyi” adlı yay universitetinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov UNESCO-nun himayəsi altında həyata keçirilən “Ələddin” layihəsi çərçivəsində 2013-cü ildən təşkil edilən beynəlxalq yay universitetinə bu il Azərbaycanın ev sahibliyi etdiyini söyləyib.

Nazir müavini qeyd edib ki, “Miqrasiya və mədəniyyətlərarası əlaqələrin gələcəyi” mövzusuna həsr edilən yay universitetində iştirakçılara zəngin multikultural dəyərlərə malik olan Azərbaycan reallıqları haqqında məlumat veriləcək.

Azərbaycanın dünya miqyasında beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi tanındığını deyən C.Bayramov vurğulayıb ki, siyasi, iqtisadi və digər sahələrdə qazanılan nailiyyətlər tolerantlıq nümunəsi olan, yüksək nüfuza malik Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldib. Nazir müavini bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-ci ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması, ölkəmizin son dövrlər humanitar məsələlərlə bağlı bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi də Azərbaycanın sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələrdəndir.

Diqqətə çatdırılıb ki, layihənin əsas məqsədi mədəniyyətlərarası bilik və bacarıqların inkişaf etdirilməsi, həmçinin müxtəliflik və birgəyaşayışla əlaqədar beynəlxalq münasibətlərin həlledici məsələlərinin araşdırılmasıdır.

“Ələddin” layihəsinin icraçı direktoru Abe Radkin bildirib ki, yay universiteti dünyada cərəyan edən proseslərin müzakirəsi, təhlillərin aparılması baxımından müstəsna rol oynayır. Terrorizm, ekstremizm, ayrı-seçkilik və dözümsüzlük kimi təhdidlərin qloballaşan dünyada ciddi təhlükə olduğunu deyən natiq mədəniyyətlərin dialoquna ehtiyac duyulduğunu vurğulayıb.

Tədbirdə digər çıxış edənlər Azərbaycanda olmalarından məmnunluqlarını ifadə edib, bu cür tədbirləri cəmiyyətin inkişafına təkan verən və münaqişələrin qarşısını alan amil kimi qiymətləndiriblər.

Qeyd edilib ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Quba rayonunda yerləşən tədris, idman və istirahət kompleksində keçiriləcək yay universitetində iştirak etmək üçün respublikamıza dünyanın 20-dən çox ölkəsinin 26 universitetindən 55 tələbə gəlib. Avqustun 7-dək davam edəcək yay universitetində müxtəlif ölkələrin tanınmış alimləri, Azərbaycanın bu sahədə aparıcı mütəxəssisləri tərəfindən təlimlər təşkil ediləcək. Beynəlxalq yay universiteti ilk dəfə 2013-cü ildə İstanbulda, 2014-cü ildə Berlində, 2015-ci ildə isə Türkiyənin Kappadokia bölgəsində təşkil olunub.

Açılış mərasimindən sonra tədbir iştirakçıları Quba rayonuna yola salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.